dunyatv.az
CANLI YAYIN

Əsrin Sədası qəzeti Azərbaycanda “analoqu olmayan” yerüstü keçid 26.11.2015

26-11-2015, 07:37

Əsrin Sədası qəzeti Azərbaycanda “analoqu olmayan” yerüstü keçid 26.11.2015

 

Əsrin Sədası qəzeti Azərbaycanda “analoqu olmayan” yerüstü keçid 26.11.2015Azərbaycanda "analoqu olmayan” yerüstü keçid

Yerüstü keçid Saatlı sakinləri üçün əsl göz dağına çevrilib

Azərbaycanın iqtisadi qüdrəti artdıqca abadlıq-quruculuq, yenidənqurma işləri də sürətlə davam etdirilir. İndi regionların siması getdikcə yaxşılaşır, rayonlarda yeni müəssisələr, əlverişli infrastruktur yaradılır. Yolların təmiri və genişləndirilməsi də insanların ürəyincədir. Bu gün magistral yollarda aparılan təmir və yenidənqurma işləri sayəsində Bakıdan rayonlara gedən yollar xeyli genişlənmiş və rahat olmuşdur. Bakı-Horadiz yolu da belə rahat yollardandır. Bakı-Horadiz yolunun Şirvan-Saatlı hissəsi bir neçə il əvvəl sürücüləri və sərnişinləri ən çox narahat edən yol idi. İndi bu problem arxada qalıb, həmin ərazidə çox rahat yol çəkilib. Həmin magistral yolu genişləndirənlər bir də onda xəbər tutmuşlar ki, Saatlı rayonunun Qıraqlı kəndində Qıraqlı kənd tam orta məktəbində təhsil alan şagirdlər dərsə gedə bilməyəcəklər. Çünki həmin yol xeyli genişləndirilib və ikitərəfli yolda sürət həddi böyük olduğundan küçənin bir tərəfindən digər tərəfinə keçmək mümkün olmayacaq. Burada işıqforun olmaması da şagirdlər və valideynlər üçün böyük təhlükə yarada bilərdi. Həmin əraziyə işıqforun quraşdırılması da qeyri mümkündür. Ona görə də küçənin bir tərəfindən o biri tərəfinə keçmək həyatla birdəfəlik vidalaşmaq deməkdir.

Valideynlərin çoxsaylı müraciətlərindən sonra Qıraqlı kənd tam orta məktəbinin qarşısından yerstü keçid inşa olundu. Onu da qeyd edək ki, bu yerüstü keçid əslində insanların təhlükəsizliyinin təmin olunmasından daha çox əhali üçün ciddi təhlükə mənbəyidir. Bunu quraşdıranlar çox yaxşı bilirlər ki, bu yerüstü keçidin nəinki Azərbaycanda, heç dünyada da "analoqu” yoxdur. Keçidin nə ətrafı, nə də üstü tutulmayıb. Güclü külək əsən kimi, yerüstü keçidin üstündə olanlar (əgər olarsa) mütləq asfaltın üstünə yıxılacaqdır. Bundan əlavə, qışda şaxta olanda, qar yağanda yerüstü keçidə çıxmaq mümkün olmayacaq. Çünki dəmir pillələrdə yaranan sürüşkənlik ciddi təhlükə yaradacaq. Bir sözlə, yerüstü keçid əhali üçün əsl təhlükə mənbəyinə çevrilib.

Saatlı rayonunun Qıraqlı kəndi rayonun ən böyük kəndlərindən biridir. Bu kənddəki tam orta məktəbdə mindən çox şagird təhsil alır. Görəsən həmin şagirdlər yolun bir tərəfindən o biri tərəfinə necə keçsinlər?

Kənd sakinləri deyirlər ki, bu yerüstü keçidi tikib istifadəyə verənlər öz uşaqlarının, yaxınlarının və doğmalarının buradan keçmələrinə razı olarlarmı? Qətiyyən yox! Çünki yaxşı bilirlər ki, qış ayında bu keçiddən istifadə etmək çox təhlükəli və qorxulu olacaq. Valideynlərlə söhbət zamanı dedilər ki, uşaqlarının həmin keçiddən istifadə etmələrinə qəti qadağa qoydular. Çünki uşaqlar keçidə qalxdıqdan sonra oradan maşınlara nəsə atır və ya dəmir məhəccərlər arasından sallanırlar. Ona görə də heç bir valideyn uşağını yerüstü keçidə buraxmır və təhlükəli olsa da küçəni elə yerüstü keçidin altından keçirlər, ayrı əlac yoxdur.

Dünyada "analoqu olmayan” yerüstü keçid Saatlı rayonunun Qıraqlı kənd sakinləri üçün göz dağına çevrilib.

Ağagül Nərimanov

 



Oxunub: 1 506

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.