Həsənağa Turabov – 76


 

Həsənağa Turabov – 76

 

O, bir sıra bədii və televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.

Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” ordenli aktyor və rejissor Həsənağa Turabovun anadan olmasından 76 il ötür.

Dunyatv.az xəbər verir ki, Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabili olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı”), Azər ("Yaxşı adam”), Hamlet ("Hamlet”), Lionel ("Orman qızı”), İsgəndər ("Ölülər”) Xəyyam ("Xəyyam”) xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək” filmində yaratdığı Afşin roludur. Həsənağa Turabovun "Axırıncı aşırım”, "Çarvadarların izi ilə”, "Ürək... Ürək...”, "Sevinc buxtası”, "Dantenin yubileyi”, "Qəm pəncərəsi”, "Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. "Qanlı zəmi” filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə” və Eldar Quliyevin "Nə gözəldir bu dünya...” filmləri olub.

Həsənağa Turabov eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib.

O, 23 fevral 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.


 

 

  • Müəllif: Ali
  • Tarix 24-04-2014, 19:23
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 923
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac