Boz ayın ilk çərşənbəsi: sular Novruzu xoş gəldi

Bir gün düşmənlər Qara xanın ulusuna hücum edib qocanı, cavanı, qadını, uşağı yatağında qılıncdan keçirdilər. Ulusu yerlə-yeksan etdilər. Qara xan düşmənə elçi göndərdi. Tutub onun da başını kəsdilər.
Sən demə, uzaq eli gecənin bir aləmində ulusun üstünə çəkib gətirən qaraların yüz il yaxşılıq etdiyi, torpağında qonaq saxladığı, duz-çörəyini verdiyi gəlmələr imiş. Qəhər Qara xanı boğdu. Sübh tezdən qalxıb Qara çayın qırağına gəldi. Dərdini suya danışdı:
- Sən demə, düşməni üstümə çəkib gətirən var. İgidlərim bunu bilsəydi, qılınc-qalxanını götürər, pusquda dayanar, uşağı, qocanı, gəlini, qızı qılıncdan qoruyardı, - deyə hönkürdü.
Qara xan sözünün ardını gətirə bilmədi. Gözündən gilələnən bir damla yaş çayın suyuna qarışdı. Qara çay əvvəlcə kükrədi, bulandı. Qıjıltıyla axdı, sonra da dayandı. Su Qara xana dedi:
- Xanlar xanı, ulusa toxtaqlıq ver. Ölənlərin ruhu şad olsun. Qalanları Su tanrım qorusun. Göz yaşını qurudub ayağa qalxmaq, məkri açmaq gərəkdir. Ulus şər şeytanın, quru böhtanın qurbanı olub. Məkri açmaqçın ulusu ayağa qaldır, igidlərin əli işdən soyumasın. Yoxsa düşmən səni qıtlığa çəkər. Ahılını, cavanını daha qara günə möhtac edər. Qalx ayağa, ulusa qayıt. Mənim nəsihətimi onlara çatdır. İgidlərinə söylə ki, özlərinə aqil başçı seçsinlər, rəhbərlərinə daş atmasınlar, onun dövrəsində möhkəm birləşsinlər. Dərdlərini bütün dostlarına çatdırsınlar, dost itirməsinlər. Düşmənə sirr verməsinlər, araçılara üz göstərməsinlər. Qaralar möhkəmcə əl-ələ versinlər, el içində düşmən axtarmasınlar.
Bu sözlərdən sonra Qara çay təzədən kükrədi, bulandı və qıjıltıyla axıb getdi. Xan ayağa qalxdı, xeyli Suyun dalınca baxdı. Toxtaqlıq tapdı. Ulusa qayıtdı. Suyun nəsihətinə əməl etdi. Qaraların başının üstünü alan buludlar topa-topa dağılıb getdi. Şəhidlərin qanı yağının gözünü tutdu. Yağı eli yerlə yeksan oldu. Düşmən əlinə əsa götürüb qapı-qapı bir tikə çörək üçün yurdundan iraq düşdü. Düşmən yurdu viran oldu. Qara xanın ölkəsində hamı xoşbəxt həyat sürdü.
  • Müəllif: Guler
  • Tarix 25-02-2014, 12:36
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 696
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac