Bəzi xanımlar depressiyadan həddindən çox yemək, bəziləri evə qapanmaq, bəziləri də yerli-yersiz alış-veriş etməklə çıxmağa çalışırlar. Bu üsulların hamısı isə ilk növbədə insanın özü üçün təhlükə törədən vasitələrdir. Mütəxəssislər isə ilkin baxışda bədxərclikdən başqa təhlükə törətmədiyi görsənən alış-verişin əslində nə qədər təhlükəli olması haqqında maraqlı faktlarla çıxış edirlər. Yəni, bəzən depressiyadan çıxmaq üçün istifadə olunan alış-veriş üsulu, adi zamanlarda alüdəçiliyə çevriləndə əks təsir göstərərək depressiya yarada bilər.
Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova SİA-ya açıqlamasında bildirib ki, müasir xanımların ən geniş yayılmış vərdişlərindən olan lazımsız alış-veriş aludəçiliyi müalicə oluna bilən psixoloji problemdir: "Psixoloq araşdırmasına əsaslanaraq deyə bilərəm ki, alınan əşyaların insanda yaratdığı qısa müddətli rahatlıq hissi vaxt keçdikcə depressiya ilə əvəz olunur. Qeyd edim ki, bu aludəçilik depressiya ilə yanaşı qida rejiminin pozulmasına da səbəb ola bilər. "Şopinqomaniya”da alkoqolizm və qumar oyunları kimidir. Ona görə də sevimli mağazaları gəzmək və lazımsız alış-veriş etməkdən alınan sevincin xəstəliyə çevrilməsinə yol vermək olmaz!”
Elgün Vidadioğlu