dunyatv.az
CANLI YAYIN

Sumqayıtda 3 yaşlı uşaq əməliyyatdan sonra öldü - FOTO 02 07 2016

2-07-2016, 12:35

 


Dünyatv.az Xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib.
Azyaşlını lor həkim İlham Ağayev əməliyyat edib. Uşaq iyunun 30-da saat 12:10-da əməliyyata daxil olub, 13:00-da isə palataya köçürülüb. Həkim İlham Ağayev hər şeyin qaydasında olduğunu desə də, axşam saat 21:30-da azyaşlı dünyasını dəyişib.
Mərhumun yaxınlarının sözlərinə görə uşağın dəfn öncəsi yuyulma zamanı ağız nahiyəsindən qan dayanmadan axıb. Uşağın yaxınları deyir ki, həkim müsahibə verib ki, guya azyaşlı yediklərini qaytarıb deyə boğulub dünyasını dəyişib, amma əslində azyaşlı nə yediyini, nə də içdiyini qaytarmayıb.
Onların sözlərinə görə, həkim bu məsuliyyəti üzərindən atmağa çalışaraq bəzi informasiya agentliklərində səhv məlumat dərc etdirməyə çalışır: "İlkin başdan sizə məlumat verək ki, ekspertiza rəyi hələ çıxmayıb. Amma həkim müsahibəsində artıq ekspertiza qərarının çıxdığını və həkimin günahsız olduğunu deyib. Bu tam dezinformasiyadır."
Olayla bağlı klinikaya müraciət etdik və orada özünü hüquqşunas kimi təqdim edən xanım bildirdi ki, uşağın ölümünün əməliyyatla əlaqəsi yoxdur, bu, ekspertizanın nəticəsi ilə də sübut olunub. Uşağı əməliyyat edən həkim İlham Ağayev ATV.az-a açıqlamasında iddiaların əssasız olduğunu bildirib: "Uşaq saat 13 radələrində əməliyyat olunub. Əməliyyat tam normal keçib və 4 saat sonra uşağa su və süd içməyə də icazə vermişik. Saat 17:30-a qədər klinikada olmuşam və dəfələrlə uşağa baş çəkmişəm. Uşaq ayılmışdı, danışırdı, su və süd içirdi, vəziyyəti tam normal idi və boğazından heç bir qan gəlməyib. Daha sonra xəstəxanadan çıxdım və təxminən 19 radələrində yenidən xəstəxanaya qayıdıb uşağa baş çəkdim, hər şey normal idi. Xəstəxanadan çıxandan sonra saat 20 radələrində danışmışam, xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti normaldır. Təxminən axşam saat 9-a qalmış uşaq qaytarıb. Daha sonra halı pisləşib, müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Uşağın meyitini ekspertizaya göndərmişik və cavab çıxıb ki, ölümün əməliyyatla bir bağlılığı yoxdur. Sadəcə olaraq, qusuntu uşağın nəfəs borusuna düşüb, bunun nəticəsində də o, ölüb”.
Uşağın valideynlərinin həkimi günahkar bilməsinə fikir bildirən İ.Ağayev bildirir ki, bu, artıq ekspertizayla da sübut olunub ki, həkimin səhvi yoxdur: "Sadəcə aydındır ki, uşaq dünyasını dəyişdiyi üçün valideynlər məni günahkar bilir, bu subyektiv fikirdir. Ancaq ölümün əməliyyatla bir bağlılığı yoxdur”.
Ailə üzvləri isə uşağın ölümündə həkimi günahkar bilir. İddialara görə, həkim burunla-boğaz arasındakı damarı kəsdiyi üçün uşaq dünyasını dəyişib. Ümidvarıq ki, haqq-ədalət öz yerini tutacaq.
Xatırladaq ki, bir neçə gün öncə 81 yaşlı tanınmış cərrah Cəfər Quliyevin əməliyyat etdiyi 3 uşaq anası dünyasını dəyişmişdi.
Bu olay hələ də ictimaiyyət arasında və sosial şəbəkələrdə geniş müzakirə olunur.


Oxunub: 1 432

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.