
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il bayramlarında yanvarın 6-dək elan edilmiş istirahət günlərində
Bakı metropoliteni xüsusi iş rejimində çalışacaq.
Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun
AzVision.az-a verdiyi məlumata görə, sərnişinlərin təhlükəsizliyini və
rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planı artıq
hazırdır. Bu günlər üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə
bağlı məsələlər artıq həllini tapıb.
Stansiyalarda növbətçilik sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcək.
Xüsusən dekabrın 31-də metropolitendə sərnişin tələbatından asılı
olaraq, metropolitenin iş rejimində dəyişiklik də edilə bilər. Hidayət
Məmmədov onu da diqqətə çatdırıb ki, artıq ehtiyat qatarların ayrılması
ilə bağlı qərar da verilib. Ehtiyac olarsa, metropoliten gecə saat
24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər:
"Gücləndirilmiş iş rejiminə əsasən, bütün tədbirlər görülüb. Əsas
vəzifəmiz sərnişinlərə nümunəvi xidmət etməkdir. Belə günlərdə
metropoliten əhalinin bayram ovqatına dəstək olmaq üçün, həmişəki kimi,
vəziyyətə uyğun hərəkət edəcək. Xüsusən dekabrın 31-də saat 24:00-dan
sonra, yəni yanvarın 1-nə keçən gecə, tələbatdan asılı olaraq, iş vaxtı
bir qədər uzadıla bilər. Sonrakı istirahət günlərində isə qatarların
hərəkəti, ənənə üzrə, istirahət və bayram günlərinə uyğun təşkil
ediləcək və işimizi sərnişin axını müəyyən edəcək. Həmin günlərdə də
tələbat duyularsa, ehtiyat qatarların da xəttə buraxılması mümkündür və
buna hazır olacağıq".
Oxunub: 1 171
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.