Əsgərimiz snayper atəşindən şəhid olub
Dekabrın 27-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər
rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən
üzbəüz mövqelərimizi atəşə tutublar. Trend-in
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
nəticədə Silahlı Qüvvələrimizin əsgəri 1995-ci il təvəllüdlü
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa
rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə
çağırılan Qasımov Sərxan Vaqif oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Qasımov
Sərxan Vaqif oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü
dərəcəli medalı ilə təltif edilib.
Dekabrın 28-də təşkil
ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq
və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən
general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.