Müdafiə Nazirliyi Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun
general-polkovnik poqonunda ilk fotosunu yayıb. Ölkə baçısının
sərəncamı ilə Z.Həsənova general-polkovnik rütbəsi oktyabrın 22-də
verilib.
Milli.Az Modern.az-a istinadən bildirir ki,
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci
ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən
1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
Tağım
komandiri vəzifəsindən başlayaraq 1993-2003-cü illərdə Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında
qərərgah rəisinin müavini, daha sonra Dövlət Sərhəd Xidmətinin
Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib.
Azərbaycan
Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı
ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı
vəzifəsinə təyin edilib.
Prezidentin 17.05.2003-cü il tarixli
869 N-li fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802
nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Horadiz əməliyyatları da daxil olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
Xidməti
vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif
mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin
16.08.2002-ci il sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı,
30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə "Azərbaycan Bayrağı"
ordeni ilə və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin
15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə "Sərhəddə fərqlənməyə görə"
medalı ilə təltif edilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.
Oxunub: 1 876
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.