Yanvarın 7-dən benzin 1 manat olacaq
Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində benzin ajiotajı yaşanır və avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir; Yanvarın ilk iş günü Tarif Şurasının benzinin yenidən bahalaşması qərarının elan ediləcəyi gözlənilir
Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində
avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir.
Sürücülərə bildiriblər ki, yalnız 5 manatlıq benzin ala bilərlər. Bu
barədə müsavat.com-a Masallıdakı mənbələrdən məlumat daxil olub.
Mənbə
bildirir ki, cənub bölgəsindəki yanacaqdoldurma məntəqələrində
həyəcanlı anlar yaşanır. Məntəqələrdə böyük növbələr yaranıb,
sürücülərlə yancaqdolduranlar arasında mübahisələr pik həddinə çatıb,
hətta əlbəyaxa dava halları da müşahidə edilir. Yanacaqdolduranlar 5
manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər
bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.
Hökumətdəki
mənbələr isə musavat.com-un müxbirinə benzin qıtlığının təsadüfü
olmadığını deyib. Mənbə bildirib ki, böyük ehtimalla yanvarın ilk iş
günü (7 yanvar) Tarif Şurası benzinin yenidən bahalaşması ilə bağlı
qərarını elan edəcək. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır
və ona görə də benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə
aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata
qədər artırıla bilər.
Benzin sonuncu dəfə bir ay öncə - Tarif
Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95
benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80
markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70
qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik
səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış
qiymətləri təsdiq olunub.
Bunun ardınca mediada yanvarda benzinin
yenidən bahalaşacağı ilə bağlı məlumatlar dolaşsa da, Tarif Şurası
məlumatları təkzib edib. Ekspertlər də benzinin 1 ayda 2 dəfə
bahalaşacağına şübhə ilə yanaşırdılar. Ancaq görünür, bu məlumatlar
məqsədi şəkildə dövriyyəyə buraxılıb. Prezident də dekabrın sonunda
enerji daşıyıcılarının, o cümlədən də benzinin xarici ölkələrlə
müqayisədə ucuz olduğunu dilə gətirmişdi. Bəzi pessimist müşahidəçilər
bunu yeni bahalaşma dalğasının anonsu kimi dəyərləndirdi, baxmayaraq ki,
optimistlər dəyərləndirməni bölüşmədilər. Yanvarın ilk iş günü Tarif
Şurası bahalaşma qərarını elan edərsə, onda pessimistlərdən üzr istəmək
lazım gələcək.
Nəhayət, 2007-ci ilin ilk iş günü – yanvarın 8-də də
hökumət elektrik enerjisinin düz 3 dəfə qaldırılması ilə bağlı qərar
qəbul etmişdi. 1 kVt/saat elektrik enerjisinin qiyməti 2 qəpikdən 6
qəpiyə qaldırıldı. Bu qərar başqa sektorlarda da bahalaşma üçün əsas
rolunu oynadı və 8 yanvar 2007-ci il tarixi "qara yanvar” kimi
yaddaşlara hopdu. Böyük ehtimalla 7 yanvar 2014-cü il də yaddaşlarda
növbəti "qara yanvar” kimi qalacaq.
musavat.com
Oxunub: 1 158