Mobil nömrələrin daşınması sistemi fəaliyyətə başlayır
Respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti fevralı 1-dən etibarən fəaliyyətə başlayır.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.
Məlumata
görə, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilib, xidmətin
fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi
avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan
avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları
standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılıb və
müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa
çatdırılıb.
Bu xidmət ümumi istifadəli telekommunikasiya
şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin
(şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət
göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil
operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Qeyd olunan
xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı
abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və
müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti
operatorlara müvafiq tapşırıqlar verilib.
Xidmətin əsas məqsədi
mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar
tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə,
nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı
hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi
təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan
ibarətdir.
Dunyatv.az
Oxunub: 1 156