İdmançılarımız Bolqarıstanda 5 qızıl və 2 bürünc medal qazandılar
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola
Petrov” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən sərbəst
güləş üzrə yığma komandamız üzvləri turniri 5 qızıl və 2 bürünc medalla
tamamlayıblar.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq)
bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz
Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən
kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov
bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar.
Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə
güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə,
Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin
kürəyini yerə vurub.
57 kq-da mübarizə aparan Ruslan Surxayev isə bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz yaponiyalı rəqibindən üstün olub.
Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvələrini sınayırlar. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq)
turnirin son günündə xalça üzərinə çıxıblar. Hər iki güləşçimiz inamla
güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə
tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıblar.
Olimpiya və dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb.
Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.