Bu gün 8 Mart - Beynəlxalq Qadınlar günüdür

8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur.
Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb.
Həmçinin "qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq.
Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər.
Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat
yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə
olunurdular.
Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və
hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar
geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu
hesab olunurdu) məbədinə gəlirdilər.
8 martın Beynəlxalq Qadınlar günü kimi qeyd olunması tarixi Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin).
Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində
anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu
il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında
Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması
təklifi ilə çıxış etdi.
Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu
günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə
çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə
eyni maaş tələb edirdilər.
O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində
qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş
gününə nail oldular. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq
qadın üzvlərdən ibarət yeni "həmkarlar ittifaqı” təşkilatı yarandı.
Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq "seçki” hüququnu tələb edirdilər.
1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və
İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın
nümayişlərdə iştirak etdilər. "Seçmə və rəhbər vəzifələri tutma
hüququ”ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə
hüququnu da tələb edirdilər.
Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu.
Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər.
1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə
çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət
qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf
etdi.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Beynəlxalq qadınlar
günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd
olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab
olunmurdu.
Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə
başladı. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan
etdi və bunula da "mübarizə" sözü bayramın adından götürüldü, bayram
sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet
ölkələrində bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda
keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram
öz mahiyyətini qoruyub saxladı.
Bu gün güclü cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və
sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr,
həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır.
8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün
yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl
və ən əsası arzulanan qadın kimi hiss edir.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev 8
mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına
təbrik ünvanlayıb.
"Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin,
ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə
qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və
saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır.
Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin
layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın
qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır.
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər
birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram” – deyə,
İ.Əliyev xanımları təbrik edib.
DunyaTv.az
Oxunub: 1 622

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR