"London taksiləri" də qiyməti qaldırdılar?
Benzin və dizel yanacağının qiymətinin qalxması ilə əlaqədar bir sıra
sərnişin avtobuslarının sürücüləri gediş haqlarını süni şəkildə
qaldırıblar. Bahalaşma "London taksiləri"nə də şami olunub. Bu taksinin
sürücüləri artıq sayğac əsasında işləməkdən imtina edirlər. Milli.Az
xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.
Samir
adlı oxucu yazır ki, "London taksilərinin" sürücüləri öz başlarına
qiymət təyin edirlər. "Xalqlar dostluğu" metro stansiyasının yanından
"20 yanvar" metrosuna getmək üçün ondan 15 manat pul tələb ediblər.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Baku Taxi" şirkətinin aparıcı mütəxəssisi Amid Şiriyevlə əlaqə saxlayıb.
"Bizim
taksilərdə gediş haqqı xüsusi sayğaclar vasitəsi ilə müəyyən edilir.
Bütün sürücülər bunu bilirlər", - deyən Şiriyev onu da qeyd edib ki,
sürücülərin özbaşına qiymət müəyyən etmələri yolverilməzdir.
Onun
sözlərinə görə, sürücülər tərəfindən qiymətin süni şəkildə qaldırılması
halı təsdiq olunduqda müvafiq cəza tədbirləri görülür:
"Əgər,
doğrudan da, belə hal baş veribsə, vətəndaş şirkətin *9000 nömrəli
qaynar xətti ilə əlaqə saxlasın və sürücü barədə məlumat versin".
Qeyd
edək ki, cari tariflərə əsasən, "London taksiləri"ndə gedilən hər
kilometr yola görə qiymət 70 qəpikdir. 10 kilometrdən 20 kilometrə qədər
olan yol isə 4 qəpikdir. Əgər yol 20 km-dən çox olarsa, hər kilometrə
görə qiymət 2 qəpik olur. Taksinin dayandığı hər dəqiqəyə görə 5 qəpik
tətbiq olunur.